ŞƏMKİR RAYONU

Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.

İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb.

7 fevral 1991-ci ildə Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri və müvafiq olaraq Şamxor rayonu Şəmkir rayonu adlandırılmışdır.

ŞƏMKİRİ KƏŞF ET